Yasamalda kütləvi ağac kəsiminə hazırlıq gedir - VİDEO

Cəmiyyət / Video

26

Yasamalda kütləvi ağac kəsiminə hazırlıq gedir - VİDEOSon vaxtlar ölkədə, xüsusən də paytaxt Bakıda ağacların kəsilməsi halları artıb.
Yadınızdadırsa bir neçə il əvvəl millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məsələyə sərt reaksiya verib və ağacların qanunsuz kəsilməsinə qarşı çıxmışdı. Millət vəkili Yasamal rayonu ərazisində, xüsusən də metronun "20 Yanvar" stansiyası yaxınlığındakı yaşıllıq zolağının məhv edilməsi məsələsinə reaksiya vermişdi. Mehriban xanım Əliyevanın məsələni ictimailəşdirməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçib və məsələni araşdırmışdı.
Bu gün Yasamalda qanunsuz ağac kəsimi rekord həddə çatıb. Aidiyyəti qurumlar idsə bu faktlara heç bir reaksiya vermir.Rayonun bəzi gözdəniraq ərazilərində yaşıllıqlar hətta həyətlərdə məhv edilir. İnsanlar açıq-aşkar normal hava almaqdan məhrum edilirlər. Söhbət Zahid Xəlilov küçəsi 110-116 ünvanında “Elit Siti” MTK tərəfindən hasarlanmış vəziyyətdən gedir. Redaksiyamıza bu barədə müraciət edən sakinlər deyirlər ki, həmin ərazilərdə ağacların kütləvi kəsilməsinə start verilib. Tezliklə həmin ərazidəki yaşıllıqlardan artıq əsər əlamət qalmayacaq. Sakinlər deyirlər ki, ağacları kəsənlər heç bir sakinin etirazına məhəl qoymur. Özləri bildikləri kimi də iş görür, heç bir şikayətdən qorxmurlar: "Dəfələrlə həmin şəxslərə etiraz etmişik. Ya bizi hədələyirlər, ya da istehza ilə gülüb yola verirlər. Özləri isə bildiyini edir. Hansı ərazidə yaşıllıq görürlər oranı qırırlar, yerində obyekt tikirlər. Bir metrə də yaşıllıq qoymayıblar qalsın. Kimin ürəyi haranı istəyir, orda ağacları kəsir, obyekt tikir".
Ərazidə hündürmərtəbəli bina tikməyə hazırlaşan şirkətin rəhbəri Şahin Məmmədov deyir ki, hər şey ETSN-lə razılaşdırılıb. Nazirliyin Ekspertiza İdarəsi lazımi rəy verəcək və ağaclar kəsiləcək. Artıq buna hazırlıq gedir.
Azerinfo.az –ın əməkdaşları ərazini lentə alarkın ağaclar hələ vardı. Ancaq tezliklə onları kəsəcəklər. ETSN isə ənənəvi olaraq susur. Mehriban Əliyevanın növbəti reaksiyası olmalıdır ki, nazirlik hərəkətə keçsin? Mövzuya qayıdacağıq.

REDAKSİYADAN: Conflict.az məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqqlarını tanıyır, dərc etməyə hazırdır