Məleykə Alıoğlu - Mən elə birini sevdim ki…

Cəmiyyət / yazar

1 309

 Məleykə Alıoğlu - Mən elə birini sevdim ki… “Ürəyi olub da, aglı olmayan bir qadın, aglı olub da ürəyi olmayan bir qadın qədər bədbəxt” olan Məlahətin həyat hekayəsindən bəhs edən “Cəza” əsəri (müəllif Tamara Vəliyeva) Mehriban Ələkbərzadənin quruluşunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində tamaşaya hazırlanıb. Aktrisa Kəmalə Müzəffərin ifasında tamaşaçılara təqdim olunan bu monotamaşada rejissor Qadın obrazının daxili yaşantılarını içində yaşadığı mühitlə, onu əhatə edən insanlarla münasibətdə ortaya qoyur. Bu münasıbət bədii ifadə vasitələrinin obrazlı həlli ilə – anbaan dəyişən mizanlar silsiləsi, yeriyən sandıq-tabut, uçan yelləncək, düyünlənən kəndirlər, sırası pozulub yığılan stullar, qızaran-sönən işıqlar, göydən düşən daşlar, bərq vuran ulduzlar, dumanlı hava, qaranlıq gecə, hadisələrin gərginlik dərəcəsini tənzimləyən musiqi parçaları və sairlə rejissor fikrinin tamlığına – tamaşanın harmonik bütövlüyünə xidmət edir.
İlk anda işığın və musiqinin müşaiyəti ilə üstü ulduzlarla (ulduzlar həm də qar dənələrinə bənzəyir) sayrışan göy üzünü xatırladan ön pərdə yavaş-yavaş çəkilir; göy üzü yer üzü ilə – ulduzlu gecə dumanlı qaranlıq gecəylə əvəzlənir. Səhnənin sağ tərəfində yuxarıdan asılı qalan, bir neçə dəfə sıx düyünlənmiş iki qalın kəndir, ortada tabutu xatırladan iri qara sandıq, arxa tərəfdə yuxarıya doğru atılıb qalan kəndirli yelləncək, arxa tərəfdə iki pərdənin ara məsafəsində yerləşən, tamaşa boyu müəyyən məqamlarda yanıb-sönən işıq effektləri və səhnədə “yıxılıb-duran” stullar diqqət çəkir.
Tamaşa “tabut”un qapısının iki dəfə yarımçıq açılıb bağlannması ilə başlayır. Üçüncü cəhddə “tabut”un qapısı tam açılır. Saçları üzünə tökülmüş, orta yaşlı bir qadın “tabut”dan çıxaraq tamaşaçı ilə üz-üzə gəlir. “Çoxdan ölüb, amma hələ burda ilişib qalan” qara paltarlı bu Qadının qarşısında uzun bir gecə var; o, bu gecədən salamat çıxacaqmı, heç özü də bilmir. Ada, Qadın və tənhalıq… Məktub, şüşə qab və okean… Görəsən nə vaxtsa kimsə içində məktub olan ağzı bağlı şüşə qabı okeandan tapıb sahibinə çatdırmaq üçün ucsuz-bucaqsız suların qoynuna atılaraq qadını bu adadan xilas edə biləcəkmi? Son ölən ümiddir… Okeana atılmış ağzı bağlı şüşə qabın halını anladır Qadının halı…
On beş il bundan öncəki gecə… Bu gecə ömrünün ən təlatümlü gecəsini yaşayacaq Qadın. İndiyə qədər içini yeyə-yeyə yaşadıqlarını bu gecə ilk və son dəfə dilinə gətirəcək. Niyə məhz gecə? Çünki gündüz hər kəs maskalıdır, gecə isə insan yalnız qalanda maskanı soyunur, özü olur. İnsanın özünə qayıtmaq istəyi güclü olur gecələr və bu istəyin coşqun halında əsl həyatı dərk etmək imkanı yaranır insanda. Gündüzlər ehtimalları düşünmək qadağası ilə sərhədlidir. Dağıdıcı gücə malik olan gecələr isə qadağan olunan ehtimallara rəqs meydanı vermək imkanı daşıyır özündə. Qadının öz yaşadıqlarını dilə gətirmək istəyi nə ilə bağlıdır? Uzaqdan xoşbəxt görünən Qadının ən böyük dərdi anlaşılmamaq dərdidir: O istəyir səhvlərinə görə kimsə qınamasın onu; duysun, anlasın bu Qadını…
 Məleykə Alıoğlu - Mən elə birini sevdim ki…
Qadının həyatında nə baş verib? Valideyinlərinin istəyi ilə onu dəlicəsinə sevən biri ilə evlənən Qadın, iki övlad sahibi olandan sonra “dəyərləri hesablaya bilməmək bacarıqsızlığından” həyatının gizlinində düşündüklərini, arzuladıqlarını, ya da uydurduqlarını istəyincə boğulmağa başlayır: “Nəsə, başqa nələrsə”; başqa hisslər duymaq, yeni insanlar görmək, onun fərqli olduğunu tanıdan mühitlər istəyir. Hər kəs onu şanslı bir qadın bildiyi halda, o özünü başqa təyinat, tam başqa məqsəd üçün yarandığını zənn etdiyindən içində yaşadığı həyat ona yeknəsək görünür. Alovsuz günlərin bulanıq, ya da tutqun boz su kimi boğazına qalxdığından nə zamansa bu suda boğulacağına inansa da, istəyindən vaz keçmir, qapalı həyatdan qurtularaq dünya ilə yaxından tanış olmağa – adam içinə çıxmağa, hər kəsə var olduğunu göstərməyə can atır. Qadına görə var olmaq təkcə iş qadını olmaq deyil. Var olmaq, həm də hər gün bir şey geyinib ətrafdakılara acıq verməkdən, hər kəsin qibtə obyekti olmaq hissindən ləzzət almaqdan ibarətdir.
 Məleykə Alıoğlu - Mən elə birini sevdim ki…
Uzun çək-çevirdən sonra əri tərəfindən işə düzələn Qadının işlədiyi firmanın böyüyü ilə arasında qəribə hisslər baş qaldırır. Çoxdan yadırğadığı bu hisslərin yenidən geri qayıtması Qadını daha böyük “üfüqlərə” səsləyir. “Azadlıq” duyğusu onun analıq hissini kölgədə buraxır. Yaşam səbəbi başqa olduğundan haqqında gəzən söz-söhbətlərə əhəmiyyət verməyən Qadının yeni həyatı ona daha maraqlı və cazibəli görünür. Yeni tanışlıqlar, yeni dəblər, yeni yerlər, daha gizli, qadağan olmuş istəklərin duyğularını dadmaq həvəsi; dəyişkən əhvallar, darıxmalar, bezikmələr… Bütün bunlar ona hakim kəsildikcə daha fərqli insanlarla zaman keçirmək istəyi baş qaldırır Qadının ürəyində…
 Məleykə Alıoğlu - Mən elə birini sevdim ki…
Vurğun dolu nəzərlərin tilsiminə düşən, sevgilisinin məftunedici sözlərinə uyaraq özünü yeni hisslərin ağuşuna atan Qadını ehtiras səmum yeli kimi çuğlayır, o, qanadlarını tam açaraq bütün fəzanı zəbt etmək istəyir. Qəfəsdən azadlığa uçmaq həsrətinin vüsalını ləzzətlə yaşayan Qadın uçduğu fəzadan ər evinə düşmək əzabının da nə olduğunu yaxşı dərk etdiyindən uçmaqdan vaz keçmək istəmir. Bu üzdən onu maqnit kimi çəkən qüvvənin əlindən qoparıb almaq istəyən ailəsinə Qadının etirazı üsyankaranədir: “Məni niyə bu qədər sıxırsız? Niyə məni sındırıb özünüzə gərəkli olan adama çevirmək istəyirsiniz?” Əri ilə sevgilisini müqayisə edən Qadın, ona həyat yaşatdığına görə üstünlüyü sevgilisinə verir, çünki əri mətbəxə səsləyir onu, sevgilisi isə dünyaları vəd edir ona. Beləliklə, göy üzünün yeddinci qatına qalxıb ayağı yerdən üzülən Qadın, uçurumun önündə dayanmalı olur və bu zaman uçmaq istəyərkən nədənsə bir anlığa sanki qanadlarının kəsildiyini hiss edir Qadın…
Ailə Qadın üçün buxovdur. Rejissorun ailəni düyünlənmiş kəndir timsalında verməsi bu baxımdan diqqət çəkir. Tamaşanın qəhrəmanı boğazında düyünlənmiş kəndirlərdən xilas olmağa cəhd göstərir. Bu kəndirlər Qadının tarıma çəkilmiş əsəbləri ilə eyniyyət təşkil edir. Qadın kəndirləri bələk halına çevirir, onu qucagına alıb layla çalmaqla özünə təsəlli vermək istəyir, amma alınmır. Qadının ailədən qurtuluşu boğazındakı kəndirləri öz əlləriylə bir yerə yığıb sərt şəkildə yerə atması ilə müşahidə olunur.
Qadın üçün evli bir adamı sevmək artıq intiharın özüdü: Yəni öz əlləri ilə özünə qəbir qazması; öz ölümünə imza atması deməkdi. Yasaq sevgidən doğan “erotik səhnə təsvirləri”nin “tabut”un üstündə sərgilənməsi bu baxımdan maraqlı tapıntısı kimi dəyərləndirlə bilər.
Tamaşada “tabut” həm Qadının əri, həm də sevgilisi funksiyasını yerinə yetirir. Əri ilə dava səhnəsində “tabut” – ər hərəkətə keçir. Onu başqası ilə dəyişdiyi üçün arvadının üstünə yeriyən “tabut” – ər bir neçə dəfə sərt şəkildə Qadına toxunur. Qadın aldığı ilk zərbənin təsirindən özünə gəlməmiş növbəti zərbəni alır. Bir başqa səhnədə isə Qadın hər şeydən üz çevirib sevgilisinə pənah gətirdiyini söyləyərkən “tabut” – sevgili Qadından sərt şəkildə üz döndərir. Arvadını ailəsinə xəyanətdə suçlu bildiyi üçün onun üstünə gələn “tabut” – ər və məşuqəsini yarı yolda buraxıb gedən “tabut”- sevgili: Hər ikisi Qadının ölümünə yol açır…
Rejissor stullara da obrazlı yanaşır. Dörd stul bəzən ailənin dörd üzvünü ifadə edir. Ortada yelləncək, yəni Qadının sevgilisi, onun ətrafına sıx şəkildə düzülmüş dörd stul. Qadın əri ilə mübahisə edərkən növbə ilə o stulları sərt şəkildə itələyib özündən geriyə tullayır. Rejissor bununla Qadının öz əliylə ailə bağlarını qoparmasına eyham vurmuş olur. Stullardan ikisi üz-üzə qoyulanda ər-arvad, sevgili-məşuq, Qadın-ana mübahisələri gündəmə gəlir. Uçurum səhnəsinin təsvirində rejissor dörd ədəd stulu kiçik məsafə ilə yan-yana düzür. Aktrisa stuldan-stula keçiddə uçurumun dəhşətlərini anlatmağa çalışır.
 Məleykə Alıoğlu - Mən elə birini sevdim ki…
Dəli kimi sevir Qadın. Sevgi ona qol-qanad verir. Odur ki, ruhu göylərdədi. Qadının ruh halı onun yelləncəkdə uçuşu ilə verilir. Son məqamda bu yelləncək də Qadının karına gəlmir; Kəndir onun boğazına keçir və Qadın boğulub ölür.
Evli bır qadının başqa bir kişiyə dəli kimi aşiq olması cəmiyyət üçün arzuolunan deyil. Qadının başına göylərdən daşların yağdırılması, rejissor yozumunda cəmiyyətin sevən Qadına münasibətini ortaya qoyur. Bu “cəza” növü Qadın üçün ilk anda çaşdırıcı və üzücü görünsə də, keçici xarakter daşıyır. Qadın eşqin, ehtirasın önündə heç bir maneənin dayanmadığını vurğulamaq üçün başına səpələnən daşları ovcuna yığaraq onları soyuqqanlıqla uzaqlara tullayır…
Sevginin, ehtirasın, bezginliyin, nifrətin nə olduğunu yaxşı bilən və çoxdan ağrı hiss etməyən, üst şüuru alt qatda, alt şüuru isə üst qatda olan Qadın anlayır ki, insanı insan edən əsas səbəb qorxu imiş, ağrı imiş; “ağrı varsa.. sən varsan… Qorxu varsa, yaşayırsan”. Əsərdə Qadın çox həssas, günəşdən alınan enerjini ağacın yarpaqlarından gövdəsinə, gövdəsindən köklərinə necə axmasını hiss edən, yağış damlasının yerə necə düşdüyünü və yerdə necə parçalandığını, buxarlanmasını duyan biri kimi xarakterizə olunur. Belə olan halda hiylənin, aqressiyanın, sevincin nə qədər doğru olduğunu asanlıqla hiss edən Qadın hansı səbəbdən aşırı həssaslığının girovuna çevrilə bilir? Hər şeyin nəzarətdən çıxmasını, satıldıqdan sonra özünü geri ala bilməmək əzabını Kəmalə xanımın səsində, baxışlarında və hərəkətlərində görüb, duyub hiss etməmək mümkün deyil. Onun qəhrəmanı qəfəsdəki quş kimi çırpına-çırpına qalsa da, düşdüyü duruma bəraət qazandırmaqla özünə təsəlli verməkdə də həvəsli görünür: “İnsan günəş deyil axı. Günəş bulanmış zibil qutularına girib çıxsa da, xəndəklərə toxunsa da, bataqlıqları sığallasa da… Amma insan günəş deyil axı, deyil!”
Daha nəyi itirəcək və yaxud nəyi qazanacaq, bundan sonra heç nə Qadının umrunda deyil. Qazanmaq və itirmək qorxusunu çoxdan itirmiş Qadının bir təsəllisi başına gələnlərdən özünü günahkar bilməməsi ilə bağlıdır. Ona həzz verən analıq hissi qadını dözümsüz etdikcə o, borcu çəkib-çəkməməyin mümkünlüyünü fikirləşir. “Həyatının mənasını tapdığı halda ailə yalanına nə ehtiyac var?” deyə düşünür. Niyə hər kəs öz istədiyi kimi yaşamasın ki?

Vaxt vardı bir-birlərini sevən ər və arvad indi bir-birlərinə tab gətirə bilmirlər. Ayrılırlar. Ata uşaqlarını qoyub gedir. Qadın uşaqlara qarşı vicdanlı davranmır. Sevgilisindən onu tərk etməməyi xahiş edir. Başqa birini sevdiyinə görə əri onunla “bir əski parçası, bir üz qarası kimi” rəftar edir; ər tərəfindən döyülərək evdən qovulur. Sevgilisi ilə yeni həyata başlayacağına ümid edən Qadın bütün bunlara dözür. Sevgilisinə “Mən xilas oldum, səni də xilas etmək üçün… sürünərək gəldim” deyir. Qadın gözlədiyinin tam tərsini görür. Sevgilisinin “Bizim macəramız sənə də, mənə də üzqaralığından başqa bir şey gətirməyəcək…Biz ikimiz də bir az əylənmək istədik…Əyləndik, bəsdir…Mənim gül kimi arvadım var. Mən onu çox sevirəm”. Qadın “axı mən sənin yaşaman üçün həyat səbəbin idim!!!” deyə bilmir. Onun hissləri təhqir olunur; ümidləri ölür. Qadın bunun əzabını yaşamağa başlayır…
Analıq hissi ölən Qadın uşaqlarının qoxusunu özlədiyi andan həyat daha çəkilməz olur; ağır, yorğun yaşama çevrilməyə başlayır. Analıq hissi ölən Qadın ailəsinə geri dönmək istəmir, çünki ərindən ayrılarkən oğlanları ataları ilə yaşamağa söz verirlər. İsti yuva həsrətində olan Qadının “getməyə yeri yox idi … yer üzündə”. Sevgilisinin həsrəti acı olsa da, sən demə “canı canından olanın həsrəti bütün həsrətləri üstələyə bilərmiş…”
Övladlarının həsrətini çəkən Qadın hər gün məktəbə gəlir, uşaqlarını uzaqdan seyr edib gizlicə ağlamaqla kifayətlənməli olur. Beləcə “əvvəl günəş yandırır dərisini, sonra yağış isladır onu, daha sonra xəzəl toxunur çiyinlərinə, daha sonra isə qar üşüdür bədənini… O gözləyir!” Halbuki “bu həsrət, övlad həsrəti çoxdan şaxta kimi onu kəsib”di. Vaxtilə sevdiyindən başqa kimsəni görmək istəməyən, o qanı qanından, canı canından olan oğlanlarının səsini eşitməyə belə təhəmmül etməyən Qadına indi nə olub? Qadın özünü tanıya bilmir. Uşaqları görmək və onları bir ana kimi sevmək istəyir. Ümidləri tükənməkdə olan Qadın əlinin içi boyda ümid istəyir. “Ovcunuzu üzümə sürtüb sizə sevirəm sizi, həyatımdan, dünyamdan artıq sevirəm. Sizi kimsənin sevə bilmədiyi qədər sevirəm” deməyə imkan vermələrini istəyir övladlarından. Onu görmək və eşitmək istəməyən övladlarına okeana atılmış şüşədəki məktub kimi yetişmək imkanının tükəndiyini anlayan Qadın böyük bir yanğı ilə nə vaxtsa onu dinləyəcək ciyərparələrinə səslənir: “Bağışlayın… sevginin azdırdığı, aldatdığı donmuş ananı. Sevgini buz salxım kimi içində daşıyan ananı… Ovcumda ürəyimin qırıqları var. Məni çox incidir. Deşib məni içəridən. Heç olmasa onu alın, atın. Mən elə qaranlığa, elə səssizliyə dartılıram ki, sizin məni görməyəcəyinizdən qorxuram…Burdayam…Burdayam…Baxın…”
Bir saat otuz dəqiqə zaman müstəvisində səhnədə tamaşaçı ilə baş-başa qalan Kəmalə xanım Qadının başına gələnləri tamaşaçılara təhkiyə yolu ilə elə səmimi və emossional şəkildə nəql edir ki, tamaşaçı bu müddət ərzində yalnız bir aktyorun ifasının sehrinə düşüb təsirləndiyinə inana bilmir. Kəmalə xanım aktrisa kimi həssasdı, çılğındı, emosionaldı. Onun səs tembri ilə hərəkətləri arasında qəribə bir uzlaşma var.

Anası dilə-dişə düşməmək üçün Qadını ikinci dəfə ərə verərkən o, sevgilisini peşiman edib geri qaytarmaq üçün bu izdivaca razılıq verir. Gözləntisi baş tutmur. “Hələ dünən addım at – mən səni tutacam” deyən birinə qollarımı açdım…uçuruma düşdüm. Mən elə birini sevdim ki, elə bu intihar idi. Ölümüm başlandı.

Conflict.az