Rəfail Tağızadə - Son illərin apreli

Cəmiyyət / yazar

1 185

Rəfail Tağızadə - Son illərin apreliSon illərin aprel ayı Azərbaycan vətəndaşının yaddaşında qara xatirələrlə qaldı. Əvvəllər bayram etdiyimiz Azərbaycanda Sovet hakimiyyətinin qurulması günü kimi qeyd etdiyimiz 1920-ci ilin 28 aprel günü də. Müstəqilliyin bərpasından sonra Cumhuriyyətin yaranma günü olan 28 may yenidən Respublika günü elan olundu. 28 aprel 28 mayla əvəzləndi. Rəqəmlər eyni olduğundan keçid çox yumşaq, asanlıqla yaddaşda dəyişiklik etdi. İndiki gənclərin yaddaşında 28 aprel adlı tarixi bir şey yoxdur.

Təqvimində qara günləri qırmızı günlərindən çox olan məmləkətimizin bu günlər daha bir işğal günü - Kəlbəcərin işğal günü yad edildi. Təbiəti dünyaca gözəl, insanları mərd, igid olan Kəlbəcərin. Hər ağacı bir əsgər, hər qayası bir sipər olan Kəlbəcərin. Dolanbacları adamı azdıran, istisuyu Tər-tər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcərim. Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovuma, Dəlidağıma qalxıram. Buz kimi bulaqların ovcumu donduran suyundan içirəm. Ağzımı, boğazımı yandıra-yandıra gedib mədəmə rahatlıq gətirən İstisuyun poqquldayan suyunu dərman kimi qəbul edirəm. Baxdıqca adamın papağı düşən ağaclara, qalın-sıx meşələrə, sıldırım qayalı dağlara, yamyaşıl yamaclara baxaraq təbiətin gözəlliyini duyub, burda yaşamağa dəyər deyirəm. Gözəlliklərlə dolu xatirələrdən ayrılmaq istəmirəm. Xəyallarıma, arzularıma qovuşmaq üçün təzədən sənə gəlmək istəyirəm. Bezdim, usandım artıq o qədər gözəl yüksəklik varkən çökəkdə, boz səhrada qalmaqdan.

Mən gəzdiyim, olduğum yerlərin heç birində Kəlbəcərdə olan füsunkarlığı, əzəməti görmədim. Təbiət bu yerdən heç nəyi əsirgəməyib. Gözəlliyi, təbii ehtiyatları, dağları, meşələri, özü kimi əyilməz, mərd övladları...

Gözəl Qarabağdan - Şuşadan, Laçından, Qubağlıdan, Kəlbəcərdən - o ucalıqdan düşdük. Düşürtdülər bizi. Qovub düzəngahlığa saldılar. Əslində dağ adamlarının dağsız, düzənlikdə yaşaması həm də daxili məğlubiyyətdir. Utandığından ancaq yerə baxırsan. Söykənəsi nə dağ var, nə də əzəmətli ağac. Düzənlikdə kürəyini yerə vurursan. Məğlub kimi. Kürəyi yerə vurulan adamın dili-ağzı olmaz, səsi çıxmaz. Çünki səsini daşıyası nə dərə var, nə də səsinə səs verəsi qaya. Eyni fona baxmaq, eyni bozluğu mütəmadi görmək; yernəsəklik insanın ruhunda bir durğunluq yaradır. Adamı mütiləşdirir.

O yerlərə qayıtmaq indi iki qat çətindir. Gərək sənin əhvalın, istəyin o yüksəklik qədər olsun ki, oralara qalxıb dayana biləsən. Biz hələ başımızı yuxarı qaldıra bilmirik. Evdəkilərdən, dağdan, meşədən, ağaclardan, yaşıllıqdan və nələrdən... utanırıq. İlk növbədə onlara baxmağı bacarmalıyıq. Dağlar bizim üçün təkcə dağ, yüksəklik deyil, o həm də vüqardı. Biz dağlarla bərabər vüqarımızı da itirdik.

Aprelin ilk günləri yaddaşımızda təkcə Kəlbəcərin işğalı kimi qalmadı. 2016-cı ilin 2-4 aprel döyüşləri ilə də qaldı. O günlərin qəhrəmanlıq, rəşadət, döyüş ovqatı kimi. Hamı döyüşə atılmaq istəyirdi. Adi insanlarda da döyüş, qələbə əhvali-ruhiyyəsi vardı. Əsl döyüş günü idi. Azərbaycan Ordusu düşmənə gücünü göstərdiyi gün.

İtkilərimiz də oldu. Say-seçmə oğlanlarımızı itirdik. İtkisiz uğur olmur…

İnsan yalçın qayalara, qollu-budaqlı ağaclara baxanda qürurlanır. Ürəklənir. Qüvvətli olur.

Mən səni yad etmək istəmirəm. Mən səni görmək istəyirəm. Dağları, dərələri, meşələri, ... görmək istəyirəm. Sənə dönmək, sənə qayıtmaq istəyirəm. Kürəyimi dağlarına söykəyib qürurlanmaq istəyirəm. O hündür, ən hündür ağaclarına baxa-baxa göyə tamaşa edərək özümə gəlmək, özümə qayıtmaq istəyirəm. İtirdiyim özümü tapmaq istəyirəm. Olanları unutmaq üçün bu günümə zirvədən keşmişim kimi baxmaq istəyirəm. Sənin o əvvəlki sevincli halını özünə qaytarıb təmizlənmək, durulmaq istəyirəm.

Enişdən ucalığa doğru uzanan arzuları həqiqətə çevirmək, bütün yüksəklikləri alaraq, mənəvi yüksəkliyə qayıtmaq ümidiylə, QARABAĞ...

Conflict.az