Rəfail Tağızadə - Sən məndən başqa sevgi gözləmə

Cəmiyyət / yazar

1 461

 Rəfail Tağızadə - Sən məndən başqa sevgi gözləmə
Öz torpağında səngər qazmaq
özünə qəbir qazmaq kimidi.

O başdan bu başa
uzun bir qəbir qazdıq
səngər adında.
Əvvəlcə qürurumu...
Sonra güllələr sönəndən
ilk atəş səsinədək
özümü basdırdım
öz qazdığım qəbirdə.

Buranın gecəsi gündüzündən işıqlı,
gecələr hamı oyaq.
Uçan güllələrin
atəş nöqtəsini görürəm,
döyüşçü dostumun
hənirtisini eşidirəm.
Bu gündüz gecələr
unutdurur hər şeyi –
səni də, isti yatağı da,
rahatlığı da.
Sən məndən ayrı sevgi umma.
Burada ağ mələfələr qan rəngində
lalə yanağında qara xal kimi
ətin soyutduğu güllə içində.
Beləcə köçürlər durna köçündə.
Gecələr adamın
harasından yaralandığını səsindən,
kimin nə gördüyünü,
nə demək istədiyini
susan nəfəsindən bilirsən.

Sən burada məndən başqa sevgi gözləmə, əzizim.
Məni bağışla.
Döyüşün, səngərin sevgisi bambaşqa.
Burda bizim xatirələr an-an,
səninki il-il,
mən burda ölümü də sevirəm,
sən yaşamağı.
Səni qucaqlayan qollar
İndi yaralı əsgərləri qucaqlayır
eyni sevgiylə.
Mən axan qanı öpürəm
isti dodaqların kimi.
Mənim əllərim soyumuş üzü sığallayır,
sənin əllərin mənim boş, soyumuş yatağımı.
Qucağımdan qan damır,
əllərim qan içində.
Bu qanlı əllərdən ayrı sevgi istəmə.
Həlqəsindən çıxmış
qızaran gözlərdə yaxşı nəsə gəzmə.
Düşməni axtaran,
öldürdiyünü sayan
tətiyin qaraltdığı,
bərkitdiyi barmaqlar
saçları sığallamaz daha,
sönmüş gözləri sığayar.
Bu könüldə min yara var, yara,
qoşa şəklimizə baxıb əllərimlə
sən saçını özün dara.

Buraların gecəsi başqa-
ulduzlar əvəzinə
güllələr işıldayır gecələr.
Adamların ulduzunu söndürən
ulduz güllələr.
Burada gecələr daha səs-küylü.
Gündüzün işığı
gecə maşın işığına düşmüş kimi
gözümü qamaşdırır.
İnsanı gecəyə alışdırır.

Hər gecə səngərin o tayından məni çağırırlar.
Bu sənə xəyanət deyil, əzizim,
bu ilk sevgidi.
Yaddan çıxmaz, unudulmaz,
səndən öncəki sevgi.
Mən getdim...
Sən, salamat qal.
Aylı gecələrdə
bizli xoş xəyallara dal.

13.02.2018


Conflict.az