Qadağan olunmuş yerlərdə siqaret çəkənlərə ağır cərimələr

Cəmiyyət

161

Qadağan olunmuş yerlərdə siqaret çəkənlərə ağır cərimələrQatarda, metroda, ictimai nəqliyyatda və təyyarədə siqaret çəkənlər 40 manatdan 100 manatadək cərimələnəcəklər, vəzifəli və hüququ şəxsləri isə 400-1000 manatlıq sanksiya gözləyir. Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tütün və tütün məmulatı haqqında” Qanuna müvafiq dəyişiklik edilib. Komitə sədri Eldar İbrahimov parlamentdəki müzakirələrdə çıxış edərək bildirdi ki, dəyişikliyə əsasən tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. Belə ki, “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən, tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. Bundan əlavə olaraq, dəyişikliyə əsasən ictimai yerlərdə və müəssisələrdə siqaret cəkənlər yüksək məbləğdə cərimələnəcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulub. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda siqaret çəkənlər isə 40-50 manat cərimə olunacaqlar. Deputat Fazil Mustafa dəyişiklikləri dəstəkləsə də, qaneedici saymadı. Dedi ki, radikal qərarların qəbuluna ehtiyac var: “Biz xəstəxanaların, xüsusilə də ankoloji şöbələrin qarşısında durmuş minlərlə insanı görürük. İctimai yerlərdə siqaret çəkilməsi birmənalı şəkildə qadağan olunmalıdır. Keyfiyytəsiz tütün məhsullarından xəstələnənlərin sayı sürətlə artmaqdadır. Yüksək cərimə təyin edək. Türkiyədə cərimələrdən sonra siqaret çəkənlərin sayı on dəfəyədək azaldı. Xüsusilə də məktəb yaxınlarında tütün məmulatları satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkilən yerlər məktəbliləri, azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarıma müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar”. Vitse-spiker Bahar Muradova deputatın bu fikirlərinə dəstək verdi: “Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa, həm də şəxsi büdcəyə faydalı olardı. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olmuşuq və bundan sonra da olmağa hazırıq”. Deputat Gövhər Baxşəliyeva F.Mustafanın təkliflərini müdafiə etdi: “Cərimələri artırmaqla bu problemin qarşısını almaq mümkünsüzdür. Bununla ictimai yerdə siqaretin çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir. Tütün məmulatlarının zərəri barədə maarifləndirmə işi kifayət qədər güclü aparılmır. Necə ki, alkoqollu içkiləri yetkinlik yaşına çatmayanalara satmaq qadağandır. Buraya tütün məhsulları da əlavə olunmalıdır”. Deputat Qənirə Paşayeva 18 yaşından aşağı uşaqların da siqaret çəkdiyinə, həmçinin məktəblərə yaxın ərazilərdə tütün məhsullarının satılmasına diqqət çəkdi: “İctimai yerlərdə siqaretin məhdudlaşdırılması barədə qanun layihəsi Sosial siyasət komitəsində hazırdır. Əgər bu qanuna ehtiyac yoxdursa, oradakı müddəları buraya da daxil etmək olar. Problem qanunun bir çox maddələrinin yerinə yetirilməsi ilə bağlıdır. Fazil bəy dedi ki, bu məsələdə qadınlardan dəstək gözləyirik. Ancaq Milli Məclisin böyük əksəriyyətini kişilər təşkil edir. Əgər kişilər dəstək versə, biz ciddi irəliləyişlərə nail ola biləcəyik”. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olundu.

Conflict.az