Dövlət Dəmir Yolu Liseyində arzuolunmaz idarəçilik sistemi yaradılıb

Cəmiyyət

195

Dövlət Dəmir Yolu Liseyində arzuolunmaz idarəçilik sistemi yaradılıb  Övladları bu liseydə təhsil alan valideynlər direktor Həsən Bayramovun «tələb»lərini yerinə yetirməkdən beziblər

Hazırda həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən liseylərin bir qismində ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rast gəlinir. Bunlardan biri kimi Həsən Bayramovun direktoru olduğu Dövlət Dəmir Yolu Liseyinin adını çəkən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, Həsən Bayramov direktor təyin olunduqdan sonra sözügedən təhsil müəssisəsində mövcud olan köhnə problemləri həll etmək əvəzinə, daha ciddi qanun pozuntularına imza atıb. Mətləbə keçməmişdən öncə nəzərinizə çatdırmaq istərdik ki, Dövlət Dəmir Yolu Liseyi 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlayıb. Tədris ocağı 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. 1969-cu ildən Dövlət Dəmir Yolu Liseyində şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. 1969-cu ildən bu günə kimi liseydə elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi, metropoliten elektrik qatarlarının maşinist köməkçisi ixtisasları üzrə minlərlə ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Təhsil müəssisəsi dəmir yolları və Bakı Metropoliteni üçün kadrlar hazırlayır. Beləliklə, övladları Dövlət Dəmir Yolu Liseyində təhsil alan valideynlərin direktorun «tələb»lərini yerinə yetirməkdən bezdiklərini iddia edən mənbənin sözlərinə görə, Həsən Bayramov adıçəkilən təhsil ocağına rəhbərlik etdiyi müddət ərzində saysız-hesabsız neqativ hallara şərait yaradıb: «Deyilənlərə görə, artıq həm tələbələr, həm də onların valideynləri Dövlət Dəmir Yolu Liseyində hökm sürən vəziyyətdən təncə gəlib, bu cür hallara qarşı tab gətirə bilmirlər. Bildirilir ki, tələbələrin bir çoxunun maddi vəziyyəti o qədər də ürəkaçan deyil. Bir qədər imkanlı tələbələr isə onlardan fərqli olaraq hər ay direktora «təşəkkür» edib tədris prosesindən yayınırlar. Ümumiyyətlə, qeyd olunur ki, hazırda Dövlət Dəmir Yolu Liseyində təhsilin səviyyəsi çox aşağıdır. Müəllimlər və tələbələrin əksəriyyəti dərslərə həvəslə yanaşmır. Tələbələr 2-3 dərs saatında iştirak edəndən sonra dərsdən qaçırlar. Bu isə o deməkdir ki, Həsən Bayramov Dövlət Dəmir Yolu Liseyində istənilən səviyyədə nizam-intizam yarada bilməyib. Deyilənlərə görə, artıq liseydə müəllim-tələbə münasibətləri çərçivədən çıxıb. Bunun əsas səbəbkarı isə məhz Həsən Bayramovdur». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, Dövlət Dəmir Yolu Liseyinin direktoru Həsən Bayramov metropolitenin işçilərinə qanunsuz olaraq xüsusi sertifikatlar təqdim edir və hər belə sertifikatın müqabilində 1000 manat pul alır: «Deyilənlərə görə, direktor Həsən Bayramov liseyə doğma münasibət göstərmir. O, sanki bu təhsil ocağına bir növ gəlir mənbəyi, biznes obyekti kimi baxır. Elə buna görədir ki, liseydə təhsilin səviyyəsi ildən-ilə geriləyir. Onu da qeyd edim ki, Həsən Bayramov direktor təyin olunandan sonra liseyə qeyri-qanuni yolla şagird qəbulunda artım müşahidə olunmaqdadır. Məhz elə bu səbəbdən də Dövlət Dəmir Yolu Liseyində dövlətin ayırdığı plan yeri ilə liseyə qəbul olan şagirdlərin sayı uyğun gəlmir. Sonuncu qəbul imtahanları başa çatandan dərhal sonra minimum keçid balını yığa bilməyən şəxslər direktorun yardımı sayəsində bura qəbul ediliblər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Həsən Bayramovun liseydə arzuolunmaz idarəçilik sistemi yaradıb və hər kəsi özünün tətbiq etdiyi «qayda»larla razılaşmağa vadar edir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \Gundelik-Baku.com\

Conflict.az