Təhsil Nazirliyindən analoqu olmayan məktub

Cəmiyyət

241

Təhsil Nazirliyindən analoqu olmayan məktubBakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 24, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı yataqxanasında məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Məmmədova Xalidə Mürşüd qızı redaksiyamıza müraciət edib.

X.Məmmədova bizimlə söhbət zamanı bildirdi ki, ailəsinin ağır durumu onu Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qoyub. Amma…
Aradan bir müddət keçəndən sonra o, Təhsil Nazirliyindən məktub alıb. Ancaq X.Məmmədova məktubdan heç nə başa düşməyib. Odur ki, bizə müraciət edərək, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevin məktubuna aydınlıq gətirməyimizi istədi. Doğrusu, biz də məktubdan bir məna çıxara bilmədik. Ona görə də dərc etmək qararına gəldik ki, məktubdan başa düşdüklərinizi bizə də anladasınız. Bu əminliklə məktubu olduğu kimi dərc edirik. Ünvanı səhv düşmüş məktubda bildirilir: "Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, ev 24, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı yataqxanasında məskunlaşmış Xalidə Məmmədovaya
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş (14.01.2016-cı il tarixli, M-103 nömrəli) müraciətinizə Azərbaycan Respublikası Təhsil Nazirliyində baxılmışdır.
Bildiririk ki, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı»na müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydası»na uyğun olaraq həyata keçirilir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, 2015/2016-cı tədris ili üçün Dövlət Proqramına müsabiqə üçün sonuncu sənəd qəbulu 15.04.2015-ci il tarixində başlamış bu proses 15.07.2015-ci il tarixində başa çatmışdır».
X.Məmmədova və bizim üçün də təəccüblüdür ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevin bu cavab məktubu hansı müraciət əsasında hazırlanıb? X.Məmmədovanı da narahat edən və redaksiyamıza gətirən də bu idi. Nədən ki, X.Məmmədovanın Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciətində tamamilə başqa məsələlər öz əksini tapıb. Məsələ sizin üçün də qaranlıq qalmasın deyə, X.Məmmədovanın həmin müraciətini olduğu kimi təqdim edirik:
«Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya
Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 24, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı yataqxanasında məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Məmmədova Xalidə Mürşüd qızı tərəfindən
ƏRİZƏ
Hörmətli Mehriban xanım!
Bildirirəm ki, ailəmin bugünkü ağır durumu məni Sizə belə bir müraciət etmək məcburiyyətində qoyub. Məlumat üçün bildirim ki, iki qız anasıyam. Bakıda fəaliyyət göstərən Ağdam köçkün məktəbində cüzi əmək haqqı ilə müəllimə işləyirəm. Həyat yoldaşım isə fəhlə işləyir. Maddi vəziyyətimiz çox ağırdır.
Qızlarımın hər ikisi YÖS proqramı ilə Türkiyənin dövlət universitetlərində təhsil alır. Lakin maddi durumumuz qızlarımın təhsillərini davam etdirməsində çətinlik yaradır. Belə ki, kiçik qızım Vəlizadə Gülnar 2 dəfə əməliyyat keçirib. Onun əməliyyatına və sonrakı müalicəsinə (müalicə bu gün də davam edir) sərf olunan pulu banklardan götürmək məcburiyyətində qaldıq. Ancaq indi banklara olan borcu ödəyə bilmirik. Digər tərəfdən isə qızlarımın illik və yurd xərcləri bizi çıxılmaz vəziyyətə salıb.
Odur ki, Sizdən xahiş edirəm, yuxarıda göstərilənləri nəzərə alaraq, qızlarımdan birinin illik və yurd xərcinin ödənilməsinə köməklik edəsiniz.
Hörmətli Mehriban xanım!
Mən bir ana kimi çox ümid edirəm ki, müraciətim nəticəsiz qalmayacaq.
Əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm».
Məmmədova X.M.
08 yanvar 2016-cı il»
Müraciətdən də göründüyü kimi, X.Məmmədova Prezident Administrasiyasına deyil, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət edib. Müraciətdə toxunulan məsələnin mahiyyəti isə tamamilə fərqlidir. X.Məmmədovaya göndərilən məktubun, ümumiyyətlə, onun Heydər Əliyev Fondunun prezidentinə etdiyi müraciətə heç bir aidiyyəti yoxdur.
Ümid edirik, bu anlaşılmazlığa Təhsil Nazirliyi tərəfindən bir aydınlıq gətiriləcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV
Conflict.az