Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb

Cəmiyyət

235

Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıbBu diplomların çoxu Azərbaycan Müəllimlər Institutunun Gəncə və Qazax filialları tərəfindən verilib

Ötən il ərzində respublikanın ümumi təhsil məktəblərində dövlət nümunəli olmayan təhsil sənədi ilə fəaliyyət göstərən müəllimlər aşkar edilib.

Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsindən Təhsil Nazirliyinə daxil olmuş məktuba əsasən, ötən il respublikanın ümumi təhsil məktəblərində dövlət nümunəli olmayan təhsil sənədi ilə fəaliyyət göstərən 555 pedaqoci işçi tutduğu vəzifədən azad edilib.


Həmin kontingent müxtəlif ixtisaslı və müxtəlif illərdə işə qəbul edilən müəllimlərdir.

Həmin təhsil sənədlərinin böyük əksəriyyəti hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Müəllimlər Institutunun Gəncə və Qazax filialları tərəfindən verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Azadlıq” Baş Prokurorluqda saxta diplomlarla bağlı cinayət işinin başlanacağı barədə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, bu qərar Ombudsmanın hesabatından sonra verilib.

Hesabatda şikayətlər əsasında saxta diplomlarla bağlı çoxsaylı faktlar əks olunub. Ombudsman bu faktları Təhsil Nazirliyi və Baş Prokurorluğa göndərib. Sənəddə konkret ali təhsil ocaqlarının adlarının da qeyd olunduğu bildirilir. Lakin həmin ali təhsil ocaqlarının adları bəlli deyil. Məlumatda qeyd olunurdu ki, Təhsil Nazirliyi də məsələ ilə bağlı araşdırmalara başlayıb.

Conflict.az