“İnsaf” kafesinin sahibi insafsızlıq edir – meşə massivini qırır

Cəmiyyət

140

“İnsaf” kafesinin sahibi insafsızlıq edir – meşə massivini qırır Cəyirli kəndinin bir qrup sakini meşə zolağınını yerində restoran tikilməsinə etiraz edir

Qobustan rayonunun Cəyirli kəndinin sakinləri müraciət edərək hazırda Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə massivinin məhv edilməsindən şikayət edir. Sakinlərin yazdığına görə, meşə massivnin yerində yeni restoran tikilir. Sakinlər yazır: “Həmin ərazidəki meşə örtüyü - Şamaxı şəhəri, M.Qəniyev küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, Bakı-Şamaxı avtomagistralının Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində “İnsaf” adlı kafenin sahibi Xasiyev Durhüseyn Möhübbət oğludur”. Şikayətçilərin sözlərinə görə, Durhüseyn Xasiyev maddi imkanlarından və şəxsi nüfuzundan istifadə edərək Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında təxminən 1000 metr məsafədə olan ağacları amansızcasına kəsdirərək orada yeni restoranının tikintisi məqsədilə şəxsi texnika və tikinti materialları gətirib: “Ağacların kəsilməsi əsasən gecə saatlarında həyata keçirilir. Eyni zamanda, mütəmadi olaraq 200 ədəd ağacın ətrafına silitra turşusu tökülərək onların məhv edilməsi üçün zəmin yaradılır. Durhüseyn Xasiyevin əsas məqsədi göstərilən ərazidə iri restoran və çoxsaylı koteclər tikməkdir”. Sakinlər bildirir ki, həmin ərazinin meşə massivinin qorunmasına cavabdeh olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Xırdalan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, qətiyyən qanuni tədbir görülməyib, əvəzində sakinlər incidilərək narazı salınıb. Məktubu Abasov Zakir Bahadur oğlu, Sadıqov Daşqın Qaraxan oğlu, Abduləliyev Mahmud Novruz oğlu, Təhməzov Şahin Səbzalı oğlu, Abduləzizov Soltanəli Tarverdi oğlu, Aslanov Ayəddin İsrafil oğlu, Bəhrəmov Vəlixan Əjdər oğlu imzalayıb.

Conflict.az