“Hicran Hüseynova vəzifədən çıxarılmayacaq”

Cəmiyyət

295

“Hicran Hüseynova vəzifədən çıxarılmayacaq”Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova və həmin komitənin sabiq aparat rəhbəri Səfər İmanova qarşı səsləndirilən 170 min dollarlıq rüşvət qalmaqalı haqda hər ötən gün yeni məlumatlar ortaya çıxır.

170 min dollar rüşvət vermiş Eynar Kərimovun vəkili Adəm Məmmədov deyir ki, hazırda ölkə hüdudlarından kənarda olan Səfər İmanov faktı danmır və bunu komitə sədrinin göstərişi ilə icra etdiyini iddia edir. Rüşvət verən, yəni zərərçəkən tərəf Eynar Kərimov 170 min dolları S.İmanovun vasitəsilə komitə sədri Hicran Hüseynovaya verdiyini və əlində bu faktı sübut edəcək səsyazısı olduğunu deyir. Qarşı tərəf isə iddiaları rədd edir.

Hazırda məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar aparılır.

Müstəqil hüquqşünas Aslan İsmayılov Modern.az saytına açıqlamasında məlum hadisə ilə bağlı mətbuatda yazılanlara inandığını bildirib: "Hesab edirəm ki, medianın bu məsələ ilə bağlı işıqlandırdıqlarının hamısı həqiqətdir. Bu gün yalnız Hicran Hüseynova deyil, vəzifədə olan əksər məmurlar korrupsiya bataqlığında boğulurlar və bundan da qurtulmaq niyyətində deyillər. Azərbaycanda idarəçiliyində müdirin xəbəri olmadan, nəinki onun müavinləri, ayrı-ayrı işçiləri, heç qapıçısının da özbaşına addım atması mümkün deyil. Bu sistem İsveçrə saatından dəqiq işləyir. Ona görə Hicran Hüseynovanın Aparatın sabiq rəhbərinin hərəkətlərindən xəbərsiz olması ağ yalandır”.

Hüquqşünas nəticələrdən asılı olmayaraq komitə sədrinin vəzifəsində qalacağını düşünür: "Bu günə kimi yüzlərlə belə fakt qeydə alınıb və cəzasızlıq hökm sürüb. Bu gün də baş verən hadisənin araşdırılmasından sonra Hicran Hüseynovanın tutduğu vəzifədən azad ediləcəyini gözləmirəm. İndi ölkədə baş verən iqtisadi kollaps da əslində həmin korrupsiyanın ərsəyə gətirdiyi bataqlıqdır. Hansı ki, heç bir vəzifədə olan məmur ondan çıxa bilmir. O qədər çirkaba bulaşıblar ki, təmizlənmək mümkün deyil”.

Conflict.az