Abbasov yeni işinə başladı

Cəmiyyət

685

Abbasov yeni işinə başladıKeçmiş nazir AMEA-da şöbə müdiridir

Azərbaycanda son vaxtlar vəzifəsini itirən iri məmurlarla bağlı maraqlı tendensiya müşahidə olunur. Belə ki, bir zamanlar postları ilə vidalaşan yüksəkçinlilər daha çox səfir göndərilirdisə, bu “ənənə” artıq qırılmağa başlayıb.
Əvəzində isə onların Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işə düzəldiyi müşahidə olunur. Belə maraqlı tendensiyanın konkret səbəbini demək çətindir.
Düzdür, yüksək dövlət vəzifələrindən azad edilib AMEA-da işə düzələn məmurların elmi keçmişi onların bu quruma üz tutmasında qəribə heç nə olmadığını deməyə əsas verir. Amma hər bir halda “vurulduqdan” sonra tamamilə işsiz qalan xeyli yüksək vəzifəli şəxsin varlığını nəzərə alsaq, bir çoxlarına Milli Elmlər Akademiyasında da olsa belə, “yaşıl işıq” yandırılması maraqlı detaldır.
Qaynar.info-nun araşdırmasına görə, belə sabiqlərdən biri keçmiş təhsil naziri Misir Mərdanovdur. O, 2013-cü il aprelin 29-da AMEA-nın Mexanika və Riyaziyyat Institutuna direktor təyin olunub. Mərdanovu institutun kollektivinə AMEA prezidenti Akif Əlizadə təqdim edib.
Sabiq təhsil naziri həmin vəzifəyə tutduğu yüksək hökumət postundan uzaqlaşdırıldıqdan cəmi 10 gün sonra təyin olunmuşdu.
Onu da deyək ki, M. Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professordur. Bir elmlər doktorunun məsləhətçisi olub, dörd fəlsəfə doktoru hazırlayıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov da vəzifəsini itirdikdən sonra AMEA-ya üz tutub. O, hazırda AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibidir.
Qeyd edək ki, prezident Ilham Əliyev Qərib Məmmədovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, bu qurumun səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.
Qərib Məmmədov uzun fasilədən sonra yalnız ötən ay üzə çıxıb – o, AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda ölkə başçısı Ilham Əliyevin “Ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında və kənd təsərrüfatının inkişafında elmin yaxından iştirakının təmin edilməsi” ilə bağlı səsləndirdiyi fikir ətrafında çıxışı edib.
Xatırladaq ki, Q. Məmmədov professordur, 400-dən çox elmi əsərin, o cümlədən 21 monoqrafiya və kitabın, 20 metodik tövsiyə və kitabçanın, Azərbaycan torpaq və torpaqların ekoloci qiymətləndirilməsi xəritələrinin müəllifidir.
Noyabrın 12-də prezident Ilham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad olunan Əli Abbasov da hazırda AMEA-da çalışır.
Qaynar.info AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, Əli Abbasov burada Informasiya Texnologiyaları Institutunda 1 saylı şöbənin müdiri vəzifəsində işləyir.
Onu da deyək ki, sabiq nazir texnika elmləri doktoru, akademikdir. 2001-ci ildən AMEA-nın həqiqi üzvü olan Abbasov, hələ 1982-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışmış, kompüter və telekommunikasiya şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat işlərinə rəhbərlik etmişdir. 1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının Informasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki Informasiya Texnologiyaları Institutu) direktor vəzifəsində 2000-ci ilə – Dövlət Iqtisad Universitetinə rektor təyin edilənədək çalışmışdır.

Conflict.az