Vidadi İsayev tədbirlərə də qatılmır

Cəmiyyət

197

Vidadi İsayev tədbirlərə də qatılmırBərdənin icra başçısı rayonda təşkil olunan yığıncaqları çoxdan özünə boykot edib

Bərdənin icra başçısı Vidadi İsayev rayonda keçirilən siyasi tədbirlərə qatılmaqdan imtina edib. Onu adətən belə yığıncaqlarda müavinləri təmsil edirlər. Hətta ən mühüm konfrans və ya yığıncaqlara belə gəlməyən icra başçısının bununla nə etmək istədiyi məlum deyil. Bu barədə rayondan məlumat verilib.

Məlumatda vurğulanır ki, dünən 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar Bərdədə keçirilən tədbirdə də analoji vəziyyət yaşanıb. Rayondakı Heydər Əliyev Mərkəzində Bərdə İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığıyla keçirilən tədbirə də qatılmayan Vidadi İsayevi orada müavini Fəxrəddin Əzizov əvəz edib.

Maraqlıdır ki, Vidadi İsayev işi o həddə çatdırıb ki, hətta Heydər Əliyevlə bağlı toplantıları belə boykot edib. Onun rayonda indiyə qədər yalnız bir dəfə, mayın 10-da Heydər Əliyevlə bağlı iclaslara və ya mərasimlərə qatıldığı vurğulanır.

Rayondan verilən məlumata görə, qarşıdan Heydər Əliyevin anım mərasimi gəlir. Mənbə iddia edir ki, Vidadi İsayev böyük ehtimalla həmin mərasimə də qatılmayacaq. Bunun üçün ya Bərdəni tərk edəcək, ya da məzuniyyət götürərək xaricə istirahətə gedəcək.
Conflict.az